Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Rusiya Ali Məhkəməsi Aleksey Navalnının 19 ilini xüsusi rejimli koloniyada keçirməli olduğu son hökmü qüvvədə saxlayıb...

Poliqon xəbər verir ki, İnterfaks bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən yazıb.

Navalnı ekstremist icma yaratmaqda, ekstremist fəaliyyəti maliyyələşdirməkdə və bir sıra digər cinayətlərdə ittiham olunub.

"Moskva Şəhər Məhkəməsinin 4 avqust 2023-cü il tarixli hökmü və Birinci Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli apellyasiya hökmü dəyişdirilmədən saxlanılıb", deyə məhkəmənin bəyanatında qeyd edilir.

Beləliklə, məhkəmə Navalnının vəkillərinin kassasiya şikayətlərini rədd edib.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 16-da 3 saylı islah koloniyasında dünyasını dəyişib. Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti onun gəzintidən sonra özünü pis hiss etdiyini və huşunu itirdiyini bildirib.

Navalnı 2021-ci ildən həbsdə idi, məhkəmə onun Yves Rocer işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz edib. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.

2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq və təşkil etmək, orada iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunub. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası verib.

2022-ci ilin yanvarında Rosfinmonitorinq Navalnı və onun bir neçə şərikini ekstremistlər və terrorçular siyahısına əlavə edib.

İyun ayından Navalnı Vladimir vilayətindəki İK-6-da cəza çəkirdi. 2023-cü ilin dekabrında onun Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 "Qütb canavarı"na köçürüldüyü məlum olub.

Poliqon.info