Elxan Şahinoğlu: Paşinyanın görüşdən imtinasının səbəbi Əliyevin tələblərini yerinə yetirməsindən yayınmasıyla bağlıdır..

Ermənistanın baş naziri Londonda Azərbaycan Prezidenti ilə ona görə görüşməyib ki, masada Böyük Britaniyanın baş naziri Kir Starmer də oturacaqmış...

Politoloq: “Masada Böyük Britaniyanın baş naziri Kir Starmerin də oturmasında qeyri-adi heç nə yoxdur”.

“Nikol Paşinyanın görüşdən imtinasının səbəbinin əsl mahiyyəti onun İlham Əliyevin iki tələbini yerinə yetirməsindən yayınmasıyla bağlıdır. Birinci tələb Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını əks etdirən bəndlərin çıxarılması, ikinci tələb Minsk Qrupundan imtinanın birgə elan edilməsidir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın baş nazirinin Londonda İlham Əliyevlə görüşdən imtina etməsinin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə ona görə görüşməyib ki, masada Böyük Britaniyanın baş naziri Kir Starmer də oturacaqmış.

Nikol Paşinyanın görüşdən imtinasının əsil səbəbi budur, yoxsa Ermənistanın baş naziri yerinə yetirməli olduğu tələblərdən qaçır?

Paşinyanın növbəti siyasi gedişini Poliqon-un əməkdaşı politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Paşinyan hər iki addımı atmaq məcburiyyətindədir, vaxtın uzanması heç nəyin dəyişməyəcək”.

İlham Əliyevin sözlərinə görə, sülh sazişinin mətninin 90 faizinin razılaşdırıldığını xatırladan politoloq bildirib ki, iki tələbin yerinə yetirilməsi 10 faizin içindədir, sülhə bircə addım qalıb:

“Masada Böyük Britaniyanın baş naziri Kir Starmerin də oturmasında qeyri-adi heç nə yoxdur. Avropa ilə bağlı toplantı Londonda keçirilib və Azərbaycanla Ermənistanın liderini görüşdürmək təşəbbüsü ev yiyəsi kimi Böyük Britaniyadan gəlib. Necə ki, fevralın əvvəlində İlham Əliyev və Nikol Paşinyan Münhendə Təhlükəsizlik Konfransında iştirakları səbəbiylə onları Almaniyanın kansleri Olaf Şolts görüşdürmüşdü, eynisini Böyük Britaniyanın baş naziri etmək istəyirdi. Bu ümumi qaydadır.

Digər tərəfdən, Böyük Britaniyanın baş nazirinin iştirakı simvolik xarakter daşıyacaqdı. Kir Starmer ümumi şəkil çəkdirib və qısa şəkildə giriş nitqi deyib otağı tərk edəcəkdi. Olaf Şolts da fevralda belə etmişdi. Qəribəsi odur ki, Böyük Britaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malik olsa da, İrəvan da son bir ildə Londonla sıx əlaqələr qurub, qarşılıqlı səfərlər reallaşıb.

Elxan Şahinoğlu: “Paşinyan bu iki tələbin yerinə yetirilməsinin onun hakimiyyətinin zəifləməsi və reytinqinə təsir edəcəyi ilə əlaqələndirir”.

Fikrimcə, Nikol Paşinyanın görüşdən imtinasının səbəbinin əsl mahiyyəti onun İlham Əliyevin iki tələbini yerinə yetirməsindən yayınmasıyla bağlıdır. Birinci tələb Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını əks etdirən bəndlərin çıxarılması, ikinci tələb Minsk Qrupundan imtinanın birgə elan edilməsidir.

Görünür, Paşinyan bu iki tələbin yerinə yetirilməsinin onun hakimiyyətinin zəifləməsi və reytinqinə təsir edəcəyi ilə əlaqələndirir. Halbuki, bu iki şərt yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün deyil. İlham Əliyevin sözlərinə görə, sülh sazişinin mətninin 90 faizi razılaşdırılıb. İki tələbin yerinə yetirilməsi 10 faizin içindədir, sülhə bircə addım qalıb. Paşinyan hər iki addımı atmaq məcburiyyətindədir, vaxtın uzanması heç nəyin dəyişməyəcək”.

Nərminə UMUDLU Poliqon.info