Bayden seçkidən çıxmaq qərarını harda və necə verib?  

İyulun 21-də ABŞ prezidenti Co Bayden prezident seçkilərindən geri çəkildiyini bəyan edib...

Poliqon Politico-ya istinadən xəbər verir ki, o, müvafiq qərarı bir gün əvvəl - şənbə günü, iyulun 20-də verib. 

Jurnalistlər öyrənib ki, sahildəki evində qalarkən və koronavirusdan müalicə olunarkən, Bayden prezident kreslosu uğrunda mübarizənin onun üçün bitdiyini başa düşməyə başlayıb.

Məsələ ilə yaxından tanış olan şəxslər bildiriblər ki, siyasətçi son günlər seçkidə qələbəyə aparan yolu müəyyən etmək üçün baş köməkçiləri ilə məsləhətləşib.

"Prezident həftələrlə təkid edir ki, o, Donald Trampı məğlub etmək üçün ən yaxşı namizəd olaraq qalır. Baxmayaraq ki, onun demokrat qanunvericilər və seçicilər arasında dəstəyinin durmadan pisləşdiyinə dair sübutlar artıb", deyə qəzet qeyd edib.

Qəzet yazır ki, Bayden seçki qələbəsi ilə onu kiçik hesab edənlərin səhv olduğunu sübut etmək istəyirdi. Lakin şənbə günü axşam o, yaxın köməkçilərinə "döyüş"dən getməyə hazır olduğunu elan edib. Müzakirə zamanı onun müşavirləri Mayk Donilon və Stiv Rikçetti, aparat rəhbərinin müavini Enni Tomasini və birinci xanım Cill Baydenin baş müşaviri Entoni Bernal iştirak ediblər.

Ertəsi gün Bayden zəng edərək vitse-prezident Kamala Harrisə, kampaniyanın sədrləri Ceff Zientsə və Cen O'Malli Dillona öz qərarı barədə məlumat verib. Bundan əlavə, o, Ağ Evdəki digər baş məsləhətçilərlə telefon danışığı aparıb.

81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb. Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

Poliqon.info