Tramp istənilən demokrat namizədlə debata hazır olduğunu açıqlayıb

ABŞ-ın 45-ci prezidenti Donald Tramp demokrat namizədlə debatı ABC-dən Fox News-a keçirmək istəyir...

Poliqon xəbər verir ki, eyni zamanda o, istənilən rəqiblə debata hazır olduğunu bəyan edib.

Tramp debatı başqa yerə keçirmək istəyi barədə özünün Truth Social sosial şəbəkəsində yazıb. O, ABC-ni "çox qərəzli" şəbəkə adlandırıb.

Tramp CBS ilə söhbətində Kamala Harrislə mümkün debatları şərh edib. "Kimlə danışacağımı bilmirəm. Qarşı tərəfdə kimin olacağı hələ müəyyən edilməyib. Amma düşünürəm ki, kim olursa olsun, mən müzakirə etmək istərdim", deyə Tramp qeyd edib.

81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb. Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

Poliqon.info