Növrəs Cəfərov: "Bu ilin sonuna qədər Zəngilan şəhərində 104 ailə məskunlaşdırılacaq"

"Bu il Zəngilan şəhərində 104 ailənin məskunlaşması üçün mənzillərin hazır edilməsi nəzərdə tutulur"...

"Report"un Zəngilana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov jurnalistlərə açıqlamasında deyib.

N.Cəfərovun sözlərinə görə, Zəngilan şəhərinin Baş planı İsveçrənin "SA partners" şirkəti tərəfindən hazırlanıb:

"Zəngilanda tikinti və yenidənqurma işləri şəhərin baş planına əsasən davam edir. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin "SA partners" şirkəti tərəfindən hazırlanıb".

Xidmət rəhbəri ilkin mərhələdə Zəngilan şəhərinə köçürüləcək ailələr üçün inşa edilən yaşayış binaları barədə də məlumat verib:

"Zəngilanda tikinti işləri üçün planlaşdırılan ərazi təqribən 333 hektardır. Hazırda ilk yaşayış məhəlləsi üzrə "Townhouse" tipli səkkiz ikimərtəbəli və dörd üçmərtəbəli binanın tikintisinə başlanılıb. Bu ilin sonuna qədər 104 ailənin məskunlaşması üçün mənzillərin hazır edilməsi nəzərdə tutulur".

O, aparılan inşaat işlərinin birinci mərhələsinin başa çatacağı müddəti də açıqlayıb:

"Bundan əlavə, növbəti yaşayış məhəlləsi üzrə səkkiz binadan ibarət 176 mənzilin, 12 binadan ibarət 138 mənzilin və 87 ədəd "Townhouse" tipli mənzilin layihələndirmə işləri davam etdirilir. 317 ailənin dayanıqlı məskunlaşması üçün layihələndirilən yaşayış kompleksinin inşasının tamamlanması ilin sonuna planlaşdırılır".

Zəngilan rayonunda təşkil olunan brifinqdən sonra jurnalistlərin rayon mərkəzində inşa olunan ilk yaşayış kompleksinə səfəri təşkil olunub.

Poliqon.info