Fransada parlamentin sədri seçilib

Makronun partiyasından olan Yael Bron-Pive 220 deputatın dəstəyini qazanaraq ən yaxın rəqibini 13 səslə qabaqlayıb...

Poliqon xəbər verir ki, prezident Emmanuel Makronun “Birgə” koalisiyasının namizədi Yael Bron-Pivet yenidən Fransa parlamentinin aşağı palatasının spikeri seçilib.

Bron-Pive səsvermənin üçüncü turunda qalib gələrək 220 deputatın dəstəyini qazanıb. İkinci yerdə 207 səslə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının namizədi, kommunist Andre Şassayn olub. 141 deputat sağçı “Milli Birlik” partiyasının nümayəndəsi Sebastyan Çenunun lehinə səs verib.

Palata sədrinin seçilməsinin birinci mərhələsində ümumilikdə altı namizəd iştirak edib.

Xatırladaq ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərdə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 577 mandatdan 182 yerlə birinci yeri qazanıb. Prezident Emmanuel Makronun “Respublika üçün birlikdə” koalisiyası 168 yerlə ikinci yeri tutub. Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə “Milli Birlik” partiyası 143 yer qazanıb. Heç bir siyasi qüvvə yeni hökuməti formalaşdırmaq üçün çoxluğu təmin edə bilməyib.

Qeyd edək ki, Fransa prezidenti çərşənbə axşamı, iyulun 16-da ikinci dəfə baş nazir hökumətinin istefasını qəbul edib. Dövlət başçısı hökumətlə müşavirədə bildirib ki, nazirlər istefa verdikdən sonra öz vəzifələrini icra etməyə davam edəcəklər. Bu, bir neçə həftə - ehtimal ki, Olimpiya Oyunlarının sonuna qədər davam edəcək.

Poliqon.info