Vəndam meşələrində "yaşıl terror": sağlam ağaclar belə kəsilir...- Video

Qəbələ rayonunun Vəndam kəndinin meşələrində qanunsuz ağac kəsilmələri qeydə alınıb...

Bu barədə "Arqument.az"a rayon sakinləri foto və videogörüntülər təqdim ediblər.

Onların sözlərinə görə, işbazlar hər gün Vəndam meşələrindən 3-4 maşın işlik material daşıyır.

Sakinlərin təqdim etdiyi görüntülərdən məlum olur ki, Vəndam meşələrində işlik materiallar sanitar- qırma sahələri elan edilərək kəsilir. Belə ki, hər hansı bir dolayda sanitar qırma sahəsini elə işbazlar özü müəyyənləşdirir.

Bildirilir ki, Regional Təsərrüfat İdarəsindən heç bir məsul şəxs və ya mütəxəssis iştirak etmədən ağaclar işarələnərək qırılır. Halbuki sanitar-qırma sahələrində xəstə və yaşlı ağaclardan odun əldə olunmalıdır. Vəndam meşələrində isə ən sağlam ağaclar kəsilir.

Hazırda sanitar sırma sahələri elan olunan dolaylar bunlardır: Vəndam Meşəbəyliyinin 8-ci dolayı (dolayın gözətçisi Etibarlı Qəndil), 6-cı dolay (gözətçisi Babayev Zaur) və 6A saylı dolay (gözətçisi Rahim Əhmədov).

Sözugedən dolaylarda çəkilən görüntülərdən aydın olur ki, qırma sahəsində kəsilən hər 5 ağacdan azı 4-u işlik material üçün qırılıb.

Yerli ekologiya işçilərinin verdiyi məlumata görə, Vəndam meşəbəyliyinin gözətçisi Kənan Fətullayev işbazlara şərait yaratmaq üçün meşə gözətçilərini yolun genişlənməsi işlərinə cəlb edir, nəticədə də meşə dolayları nəzarətsiz qalır: "Meşə qıranlar hər gün həmin sahələrdə 3-4 yük maşını işlik material çıxarır. İzləri itirmək üçün qırılan təmiz və sağlam ağacların əksəriyyətinin kökləri troktorlar vasitəsi ilə çıxarılıb dərələrə atılır".

Yeri gəlmişkən, bu, Vəndam meşələri ilə bağlı ilk məlumat deyil. Son vaxtlar Vəndam meşələrindəki qanunsuzlarla bağlı mediada kifayət qədər məlumatlar işıqlandırılıb. Həmin materiallarda bildirilir ki, Vəndam meşəbəyliyinin xidməti ərazisində onlarla şəxsə fərdi ev tikməyə şərait yaradılıb.

Dövlət meşə fondunun torpaqları açıq şəkildə fərdi şəxslərə satılıb. Meşəbəyliyin 2 saylı dolayının ərazisində, daha konkret Qəbələdə yeni tikilən xəstəxananın yaxınlığında, el arasında "Pastar" kimi tanınan məhəllənin ətrafında qanunsuz evlər tikilir.

Vəndam kəndinin dağdibi ərazisində də dövlət meşə fonduna aid torpaqlarda 3 fərdi ev, talvar və "besetka" tikilib.

Məlumatlarda iddia olunur ki, Kənan Fətullayevi regional meşə təsərrüfatı mərkəzinin direktoru Əkrəm Babayev himayə edir: "Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qəbələyə göndərilən əməkdaşlar Vəndam meşələrini formal olaraq yoxlamaqla işlərini bitmiş sayırlar. Halbuki Vəndam meşələrində kifayət qədər qanunsuz qırıntılar var və bu qırıntılarla bağlı mediada dəfələrlə foto-görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları sanitar qırma sahələrindən istifadə edərək yüzlərlə sağlam palıd və fısdıq ağaclarını işlik material üçün kəsiblər".

"Arqument.az"ın araşdırmaları zamanı məlum olub ki, Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayev Qəbələ rayon Məhkəməsinin 12.02.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 259.3 və 308.1 maddələri ilə təqsirli bilinirək 11 000 manat cərimə olunub. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənan Fətullayevi nəinki cəzalandırıb, hətta hələ də vəzifəsində saxlamaqda davam edir.

Bu, "Arqument.az"ın sorğusuna verilən rəsmi cavabda da əksini tapıb.

Başqa tərəfdən isə, ağac qırıntıları ilə bağlı 3 min manatdan yuxarı cərimələr mövcud qanunvericilikdə korrupsiya faktı kimi araşdırılmalıdır.

Görünür, hansısa səbəbdən yerli hüquq-mühafizə orqanları və Muxtar Babayevin rəhbərlik etdiyi nazirlik hansısa səbəbdən Kənan Fətullayevi cəzalandırmaq istəməyib.

Poliqon.info