Ursula fon der Leyen Aİ-ni müdafiə ittifaqına çevirmək istəyir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ikinci müddətə vəzifəsinə seçilərsə, Avropa İttifaqını "müdafiə ittifaqı"na çevirməyi, həmçinin Avropa İttifaqında vahid hava hücumundan müdafiə sistemi yaratmağı təklif edəcək...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, fon der Leyen bu barədə çıxışında bildirib.

"Biz Avropanın hava qalxanı və kibermüdafiəsinin yaradılmasından başlayaraq, Avropa üçün ümumi maraq kəsb edən bir sıra müdafiə layihələri təklif edəcəyik", deyə o, bildirib.

Onun diqqətini əsl Avropa müdafiə ittifaqı yaratmağa yönəldəcəyinə söz verdiyi vurğulanır.

Eyni zamanda, fon der Leyen Avropa Komissiyasının rəhbəri olaraq ikinci beş illik müddətə yenidən seçiləcəyi təqdirdə yaşıl siyasətləri məhdudlaşdırmayacağına söz verib.

Bu arada, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri kimi çox pis işləyib, Avropa onun rəhbərliyi altında birliyi itirib.

Siyarto vurğulayıb ki, istənilən seçkilər nailiyyətlərə və nəticələrə əsaslanmalıdır. Onun fikrincə, fon der Leyen hakimiyyətə gəldikdən sonra Avropa əvvəlkindən qat-qat zəifləyib, daha az birləşib və daha az sülhsevər olub. Macar diplomat bildirib ki, fon der Leyenin yenidən AK rəhbəri seçilə bilməsi üçün heç bir səbəb yoxdur.

Qeyd edək ki, Avropa Parlamentinin üzvləri bu gün plenar iclasda Avropa Komissiyasının yeni rəhbərini seçəcəklər. Qurumun hazırkı rəhbəri ikinci beşillik müddətə yenidən seçilmək istəyən Ursula fon der Leyen deputatlar qarşısında çıxış edəcək. Bundan sonra deputatlar onun namizədliyinin müzakirəsi ilə davam edəcək.

Poliqon.info