Alimlər 450 dərəcə istilik olan planetdə həyatın biomarkerlərini tapıb

Britaniya astronomları Venerada bakteriyaların fəaliyyəti nəticəsində əmələ gələn iki qazın kəşf edildiyini açıqlayıblar...

Poliqon-un The Guardian-a istinadən məlumatına görə, bu, kəşf Günəş sistemindəki ən isti planetin atmosferində həyatın mövcudluğundan xəbər verə bilər.

Tədqiqatın nəticələri iyulun 17-də Hull Universitetində keçirilən milli elmi toplantıda təqdim olunub.

Alimlər Venerada aşındırıcı qaz fosfinin olduğuna dair sübutlar təqdim ediblər. Yer üzündə fosfin qazı bəzi heyvan və quşların bağırsaqlarında olduğu kimi oksigensiz mühitlərdə mikroblar tərəfindən istehsal olunur. Digər mənbələr, məsələn, vulkanik fəaliyyət, ümumiyyətlə o qədər təsirsizdir ki, qayalı planetlərdə qaz həyatın göstəricisi hesab olunur.

Digər bir qrup tədqiqatçı isə Yer kürəsində əsasən bioloji fəaliyyət və sənaye prosesləri nəticəsində əmələ gələn ammonyakın ilkin kəşfi barədə məlumat verib. Venerada ammonyakın olması məlum atmosfer və ya geoloji hadisələrlə izah edilə bilməz.

Mütəxəssislər aydınlaşdırıblar ki, Veneranın səthi 450°C-ə qədər qızır, atmosfer təzyiqi Yerdən 90 dəfə yüksəkdir və planetdə turşu yağışları baş verir. Bununla belə, planetdən 50 kilometr yüksəklikdə temperatur və təzyiq Yerdəkinə yaxınlaşır və bu, Veneranın buludlarını davamlı mikrobların yaşaması üçün potensial olaraq əlverişli edir.

Astronomlar qeyd ediblər ki, Venerada hər iki qazın olması orada hər hansı həyat əlamətinin olmasının qəti sübutu sayıla bilməz, lakin bu, tədqiqatçılara yerdənkənar orqanizmlərin axtarışı üçün müəyyən nikbinlik yaradır.

Poliqon.info