Şolts dünya güclərini silahlara nəzarət üzrə dialoqa qayıtmağa çağırıb

Almaniya kansleri Olaf Şolts bildirib ki, dünyanın aparıcı gücləri silahlara nəzarət sazişlərinə qayıtmalıdırlar...

Poliqon xəbər verir ki, kansler bu bəyanatı ARD telekanaılın “soyuq müharibə”nin mümkün alovlanması ilə bağlı alman sakinlərinin qorxularının əsaslılığı ilə bağlı sualını cavablandırarkən verib.

“Etdiyimiz hər şey bizə dünyanın böyük dövlətləri arasında silahlara nəzarətlə bağlı müzakirələr üçün yenidən vaxtımız olmasına səbəb olmalıdır”, deyə Şolts bildirib.

Olaf Şolts qeyd edib ki, Rusiya bütün tərksilah sazişlərindən çıxıb və Almaniya da buna cavab verməlidir.

“Çünki o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməsin”, deyə Almaniya kansleri vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin fevralında Rusiya prezidenti Vladimir Putin Rusiyanın ABŞ ilə bağlanmış və 2026-cı ilə qədər qüvvədə olması nəzərdə tutulan Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırdığını elan edib. Putinin sözlərinə görə, qərar ABŞ-ın rus müfəttişlərini Amerika obyektlərinə buraxmaqdan imtina etməsi ilə bağlı olub.

ABŞ Dövlət Departamenti də öz növbəsində Rusiya tərəfindən “Yeni START” Müqaviləsinin pozulmasından danışıb, lakin dialoqu bərpa etməyə çağırıb.

Poliqon.info