Britaniya üçün ölümcül təhlükə yaradan ölkələrin adları açıqlanıb

Çin və Rusiya Böyük Britaniya və ümumilikdə NATO bloku üçün ölümcül təhlükə yaradır...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın müdafiə potensialının strateji icmalının rəhbəri Corc Robertson bildirib.

"Biz getdikcə daha çox birlikdə işləyən ölümcül dördlüklə qarşılaşırıq", deyə rəsmi bildirib.

O, Böyük Britaniya üçün ölümcül təhlükə yaradan Rusiya Federasiyası, Çin, İran və Şimali Koreya ölkələri adlandırıb.

Qeyd edək ki, Robertsonun rəhbərlik etdiyi qurum Britaniyanın yeni Leyboristlər hökumətinin müdafiə siyasətinin istiqamətini müəyyən edəcək.

Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, sənəd 2025-ci ilin əvvəlində dərc olunacaq, orada baş nazir Kir Starmerin qarşıya qoyduğu məqsədə - müdafiəyə ÜDM-in 2,5%-nin ayrılmasına nail olmaq üçün fəaliyyət planı təqdim olunacaq.

1999-2003-cü illərdə NATO-nun baş katibi olmuş və Toni Bleyrin dövründə müdafiə naziri vəzifəsində çalışmış Robertson ABŞ prezidentinin keçmiş müşaviri Fiona Gill və strateji komandanlıq mərkəzi olan Böyük Britaniyanın Birləşmiş Qüvvələr Komandanlığının keçmiş komandiri Riçard Barronsla birlikdə Britaniyanın yeni hökumətinin müdafiə araşdırmasına rəhbərlik edəcək.

Poliqon.info