Pentaqon: ABŞ Gürcüstanın suverenliyini gücləndirmək yollarını axtarmağa davam edəcək

ABŞ təlimlərin təxirə salınmasına baxmayaraq, Gürcüstanla hərbi əməkdaşlığı davam etdirəcək...

Əvvəllər planlaşdırılan birgə təlimlərin təxirə salınmasına baxmayaraq, ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlıq davam edəcək.

Poliqon xəbər verir ki, bu barədə çərşənbə axşamı, Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

“Biz Gürcüstanın silahlı qüvvələri ilə əməkdaşlığı davam etdirəcəyik və onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsini gücləndirmək yollarını axtaracağıq”, deyə Rayder brifinq zamanı bildirib.

Qeyd edək ki, daha əvvəl Pentaqon Gürcüstanla iyulun 25-dən avqustun 6-dək planlaşdırılan hərbi təlimləri təxirə salmaq qərarına gəlib. Səbəb Gürcüstan hökumətinin “ittihamları” olub. Bu ittihamlara əsasən, ABŞ və digər Qərb dövlətləri Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Gürcüstana təzyiq göstərirlər və hakim partiyaya qarşı iki dövlət çevrilişi cəhdində iştirak edirlər.

May ayında ABŞ dövlət katibi Gürcüstanla münasibətlərə hərtərəfli baxılacağını və viza məhdudiyyətləri ilə bağlı yeni siyasətin həyata keçiriləcəyini açıqlamışdı. Bu qərara Gürcüstan parlamentinin gəlirlərinin 20%-dən çoxunu xaricdən alan qeyri-kommersiya təşkilatlarının və KİV-lərin fəaliyyətini tənzimləyən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi səbəb olub.

Poliqon.info