Azərbaycanın 5 rayonunda məktəbəhazırlıq qruplarına 31 alternativ qeydiyyat mərkəzi yaradılıb

Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir...

"Report"un Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 5 rayonda 31 alternativ qeydiyyat mərkəzi yaradılıb.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

Mərkəzlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz: https://shorturl.at/3Qdxk

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Bundan əlavə, qeydiyyatla bağlı suallar yaranarsa, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-9" nömrəli telefonuna zəng etmək mümkündür.

Qeyd edək ki, iyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Poliqon.info