Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Trampa qarşı sui-qəsddən sonra Baydenin və Demokrat Partiyasının seçkilərdəki vəziyyəti necə olacaq?..

Siyasi-şərhçi: “Guya Azərbaycanda insanların Trampı, yaxud da Baydeni prezident görmək istəyi nəyi dəyişir? Heç nəyi dəyişmir”.

“Trampın qalib gəldiyini indidən arzu edənlər avtoritar və totalitar ölkələrdə təbliğat aparırlar”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Donald Trampa edilən sui-qəsddən sonra seçkilərin nəticələri ilə bağlı irəli sürülən iddiaları Poliqon-a şərh edərkən qeyd edib.

Bir çox siyasi müşahidəçilər ABŞ-da sabiq preizdent və prezidentliyə namizəd Donald Trampa atılan güllənin Baydenə dəydiyini söyləyirlər. Trampa qarşı sui-qəsddən sonra Baydenin və Demokrat Partiyasının seçkilərdəki vəziyyətini necə dəyərləndirmək olar? Doğrudanmı, seçki artıq Demokratlar üçün uduzulub?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Artıq ABŞ mediasını izləyəndə görünür ki, Demokratlar da heç sakit durmayıblar. Onlar çox effektiv və qabarıq olmayan siyasi texnologiyaları işə salıblar”.

Hələ seçkilərə üç ay yarımdan artıq vaxt qaldığını nəzərə çatdıran ekspert Poliqon-a bildirib ki, bu müddətdə ABŞ siyasətində ciddi dəyişikliklər ola bilər:

“Azərbaycan ictimai-siyasi məkanında aparılan bu kimi diskussiyalar, papirus ifadələrin hamısı iki səbəbdən qaynaqlanır.

Birinci səbəb odur ki, Azərbaycanda hakimiyyətə xidmət edən siyasi-şərhçilər, jurnalistlər anlayırlar ki, Azərbaycan hakimiyyəti üçün Tramp daha əlverişli namizəd sayılır. Buna görə də, çalışırlar bütün təbliğatı o istiqamətə yönətsinlər. Əslində isə bu çox səmərəsiz bir şeydir. Guya Azərbaycanda insanların Trampı, yaxud da Baydeni prezident görmək istəyi nəyi dəyişir? Heç nəyi dəyişmir. Bu yalnız müəyyən müddətdə cəmiyyətdə yalnış təsəvvür yaratmağa xidmət edə bilər.

İkinci səbəb odur ki, ABŞ-da siyasi gündəm surətlə dəyişir. Mən adi misal deyim. Tramp-Bayden debatının ardınca, halbuki, Bayden bu debatda çox zəif çıxış etdi, bütün dünyada, özəlliklə Azərbaycanda belə bir diskussiya başladı ki, artıq Bayden məğlub olub.

ABŞ-ın özündə də belə tendensiyalar var idi. Amma onlar daha çox Tramp tərəfdarlarının cəmiyyətin beyninə yetirmək istədiyi siyasi gediş idi. Bu debatdan cəmi iki həftə keçmişdi aparılan sorğularda göründü ki, Tramp Baydendən cəmi iki faiz öndədir. Yəni bu iddialar əsassız iddialardır.

Ərəstun Oruclu: “Nə Çindəki, nə Rusiyadakı, nə Azərbaycandakı, nə Türkiyədəki, nə də Şimali Koreyadakı ictimai rəy Amerika seçicilərin rəyinə təsir etmir”.

Hələ seçkilərə üç ay yarımdan artıq vaxt qalıb. Bu müddətdə ABŞ siyasətində ciddi dəyişikliklər ola bilər. Buna görə də, bu gün Trampın qalib gəlməsini demək yanlışdır. Düşünürəm ki, hələ hər şey irəlidədir.

Artıq ABŞ mediasını izləyəndə görünür ki, Demokratlar da heç sakit durmayıblar. Onlar çox effektiv və qabarıq olmayan siyasi texnologiyaları işə salıblar.

Əminəm ki, bir müddətdən sonra amerika cəmiyyəti Trampın sui-qəsd söhbətindən yorulacaq və Respublikaçılar da bunu qabarıq şəkildə istismar etməklə məhz buna nail olacaqlar.

Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq. Trampın qalib gəldiyini indidən arzu edənlər avtoritar və totalitar ölkələrdə təbliğat aparırlar. Nə Çindəki, nə Rusiyadakı, nə Azərbaycandakı, nə Türkiyədəki, nə də Şimali Koreyadakı ictimai rəy amerika seçicilərinin rəyinə təsir etmir.

ABŞ seçkilərində hər şeyi müəyyən edən seçicinin iradəsidir. Hansı tərəfin təbliğatı, siyasi texnologiyaları effektiv işləyəcəksə, o tərəf də qalib gələcək. Tərəflər də ABŞ siyasətində olan rəqib tərəflərdir. Buna görə də indidən hər hansısa rəy söyləmək arzu olunanın reallaşdırılması deməkdir. Başqa heç nə”.

Nərminə UMUDLU Poliqon.info