Qaluzin: Aİ-nin Ermənistandakı missiyası Rusiya ilə bağlı kəşfiyyat toplayır

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Ermənistandakı missiyasının işini şərh edərkən bildirib ki, qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlərlə bağlı kəşfiyyat məlumatlarını topladığını düşünməyə əsas var...

Poliqon xəbər verir ki, Mixail Qalizin bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində danışıb.

“Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib”, deyə diplomat xatırladıb.

Qaluzin sözlərinə görə, Avropa İttifaqının məqsədi göz qabağındadır.

“Onların məqsədi Cənubi Qafqaz dövlətlərinin ənənəvi tərəfdaşları və qonşuları olan Rusiya, İran, Türkiyənin maraqlarına zərər verərək regionda möhkəmlənməyə çalışmaqdır”, deyə Qaluzin vurğulayıb və əlavə edib ki, Rusiya Aİ müşahidəçilərinin işindən heç bir nəzərəçarpacaq nəticə görmür.

Qaluzin onu da qeyd edib ki, missiyanın mövcudluğu Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı gərginliyin qarşısını almayıb.

“Onlar hesabatlarını birbaşa Brüsselə göndərirlər və hətta erməni tərəfi ilə də bölüşmürlər. Qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatlarını topladığını düşünməyə bütün əsaslar var”, deyə Rusiya XİN rəhbərinin müavini bildirib.

Poliqon.info