Stoltenberq: Çinin Belarusla keçirdiyi təlimlər onun NATO-ya yanaşmasını nümayiş etdirir

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Belarus və Çin arasında birgə təlimlər Çinin getdikcə NATO sərhədlərinə yaxınlaşdığını nümayiş etdirir...

Poliqon xəbər verir ki, bu barədə Stoltenberq NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında danışıb. Alyansın rəhbəri təlimləri Rusiyaya dəstək verən “avtoritar rejimlər arasında əməkdaşlığın nümayişi” adlandırıb.

“Belarus və Çin arasında keçirilən təlimlər Çinin Avropada, eləcə də Afrikada və digər yerlərdə NATO-ya getdikcə yaxınlaşdığını nümayiş etdirir”, deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, iyulun 8-də Belarus və Çin Polşa və Ukrayna ilə sərhəd yaxınlığındakı Brest şəhəri yaxınlığında “Hücum edən Şahin” antiterror təliminə başlayıblar. Təlimlər iyulun 19-dək davam edəcək.

Minsk bu təlimlərin ikitərəfli münasibətlərin sonrakı inkişafına kömək edəcəyinə inanır. Çin Xarici İşlər Nazirliyi isə əmin edib ki, təlimlər heç bir ölkəyə qarşı yönəlməyib.

Poliqon.info