Buşun təklifi, Almaniya və Fransanın imtinası - Bolton Ukrayna münaqişənin mənşəyini tapıb...

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton müsahibəsində deyib ki, Ukrayna NATO-nun üzvü olsaydı, bu ölkədə münaqişə baş verməzdi...

Poliqon xəbər verir ki, bu barədə Welt nəşri yazıb.

Bolton qeyd edib ki, Ukrayna və Gürcüstanın NATO-ya daxil olması 2008-ci ildə Corc Buş tərəfindən təklif edilib, lakin əsas müttəfiqlər, o cümlədən Almaniya və Fransa buna qarşı çıxıb. O, iddia edir ki, Ukraynanın NATO-ya qəbulu 2014-cü il və 2022-ci ildə növbəti işğalın qarşısını ala bilərdi.

Bolton sözlərinin təsdiqi kimi bu hadisələrdən sonra Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarlarını da göstərib. O qeyd edib ki, bu ölkələr onların təhlükəsizliyinin yalnız Alyans çərçivəsində təmin olunduğunu başa düşürlər.

İyulun 9-da Vaşinqtonda NATO-ya üzv ölkələrin toplantısı başlayıb. "Ukrayna və Transatlantik Təhlükəsizlik" mövzusunda keçirilən bu üç günlük tədbir alyansın 75-ci ildönümünə həsr olunub.

Sammitdə bloka üzv olan 32 ölkənin liderləri iştirak edir. Bu, İsveç üçün birinci, Finlandiya üçün ikinci sammitdir.

Vaşinqtonda çıxış edən Norveçin baş naziri Yonas Qar Stor bu dəfə Ukraynanın NATO-ya dəvət olunmayacağını bildirib və bunun gələcəyin işi olduğunu qeyd edib.

Poliqon.info