Ukrayna ABŞ seçkilərindən əvvəl ikinci sülh sammiti keçirmək niyyətindədir

Ukrayna hakimiyyəti ABŞ-da prezident seçkilərinin keçiriləcəyi noyabra qədər ikinci beynəlxalq sülh konfransı təşkil etmək istəyir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat verib. Agentlik xəbər verir ki, Ukrayna bu dəfə Rusiya nümayəndə heyətini dəvət etməyi planlaşdırır.

Qərb ölkələrinin adlarını açıqlamayan rəsmiləri qeyd ediblər ki, belə bir tədbir çox aydın məqsəd və gözlənti ilə təşkil olunmalıdır. Eyni zamanda, bir neçə Amerika rəsmisi Rusiya və Ukraynanın iştirakı ilə sammitin təşkilinin mümkünlüyünə şübhə ilə yanaşıb.

Bloomberg qeyd edir ki, sammitin ABŞ prezident seçkilərinə qədər keçirilməsi zərurəti Donald Trampın mümkün qələbəsi ilə bağlıdır. ABŞ-ın keçmiş prezidenti seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoyacağına söz verib. Mətbuatın yazdığına görə Tramp Ukrayna hakimiyyət Rusiya ilə danışıqlardan imtina edərsə, hərbi yardımı dayandıracağı ilə hədələməyi planlaşdırır.

Xatırladaq ki, Rusiyanın dəvət olunmadığı ilk sülh sammiti iyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok şəhərində baş tutub. Toplantıdan sonra 80 ölkə və 4 təşkilatın imzaladığı kommünike dərc edilib. Orada Ukrayna prezidenti Vladimir Zelenskinin sülh düsturunun üç bəndi açıqlanıb. Sənəddə hər iki tərəfdən bütün hərbi əsirlərin mübadiləsi, ukraynalı uşaqların Rusiyadan vətənlərinə qaytarılması, Azov və Qara dənizlərdə gəmiçilik təhlükəsizliyi, nüvə təhlükəsizliyi tələb olunur.

Poliqon.info