Ukrayna NATO-ya “geri dönməz giriş”lə bağlı termindən narazıdır

Ukrayna prezidenti Vladimir Zelenskinin komandası NATO sammitinin hazırlanan bəyannamə layihəsində ölkənin alyansa daxil olmasını “dönməz” adlandırmasından narazıdır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbəyə istinadən məlumat yayıb. Həmçinin The Washington Post qəzetinin mənbələri bildiriblər ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu terminlə razılaşıblar.

Bloomberg-in məlumatına görə, Ukrayna hakimiyyəti NATO-ya üzv olmaq üçün rəsmi dəvətə ümid edib. Eyni zamanda, WP qeyd edir ki, “dönməz” ifadəsinin müzakirəsi zamanı iştirak edənlər bu sözün kifayət qədər simvolik məna daşıdığını bildirdilər. Qəzetin həmsöhbətlərinin dediyinə görə, ABŞ prezidenti Co Bayden əvvəlcə bu ifadəyə şübhə ilə yanaşıb və onu “NATO-ya körpü” ilə əvəz etməyi təklif edib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzv olması üçün ərizə təqdim edib. 2023-cü ilin iyulunda alyans sammitinin yekunlarına əsasən, G7 ölkələri Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıb, həmçinin Ukrayna-NATO Şurasının yaradılmasını elan ediblər. “Foreign Policy” nəşri yazıb ki, ABŞ və Almaniya hakimiyyəti Ukraynanın NATO-ya dəvətini təxirə salmaq istəyir. NATO-nun baş katibi Yens Stoltenberq iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın alyansa dəvət almayacağını bildirib.

Poliqon.info