Stoltenberq Çini Ukraynaya qarşı təcavüzün təşkilatçısı adlandırıb

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynadakı münaqişə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduğunu nümayiş etdirir...

Poliqon xəbər verir ki, NATO-nun baş katibi bu barədə CBS News telekanalına müsahibəsində danışıb. Müsahibəsi zamanı Stoltenberq Çini “Rusiyanın Ukraynaya qarşı təcavüzünün əsas təşkilatçısı” adlandırıb.

“Sədr Si və prezident Putin, digərləri NATO və ABŞ-ın Ukraynada iflasa uğramasını istəyir. Əgər Putin Ukraynada qalib gəlsə, bu, təkcə prezident Putini deyil, həm də Si Tsinpini cəsarətləndirəcək. Yaponiyanın baş nazirinin dediyi kimi, bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər”, deyə Yens Stoltenberq müsahibəsində deyib.

Stoltenberq əlavə edib ki, ABŞ-ın digər məsələlərlə yanaşı, Çinlə problemləri həll etmək üçün NATO-ya ehtiyacı var. Baş katib həmçinin qeyd edib ki, alyans bu problemi həll etməyə qadirdir, çünki NATO-nun 30-dan çox müttəfiqi var və onların ümumi ÜDM-i dünya ÜDM-nin 50%-ni ötür.

Xatırladaq ki, iyulun əvvəlində NATO-nun baş katibi bildirib ki, alyans Çinə təzyiqi artırmaq üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Pekin buna cavab olaraq blokun bu cür bəyanatlarını tənqid edib və Asiya-Sakit okean regionunda öz maraqlarını müdafiə etmək niyyətini açıqlayıb.

Poliqon.info