Azərbaycanın daha az əməkdaşlıq etdiyi Qırğızıstanla hansı sahələrdə tərəfdaşlığın yüksəldilməsi mümkündür?

Bu gün Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək...

Siyasi-şərhçi: “Sadır Japarov hakimiyyətə gəldiyi zamanlardan ölkəmizlə yaxın əlaqələri daha da möhkəmləndirmək uğrunda davamlı səylər göstərir”.

“Xüsusilə, iqtisadi yöndə bir sıra yeni əməkdaşlıqlar qurulacaq, sənədlər imzalanacaq. Hərbi sahədə də müəyyən anlaşmaların əldə olunacağı istisna deyil”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Qırğızıstan Prezidentinin Azərbaycan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək.

Bu səfərdən gözləntilər nədir? Qırğızıstan və Azərbaycan arasında strateji müttəfiqlik münasibətlərinə uyğun olaraq əsasən hansı sahələrdə əməkdaşlığı vurğulamaq mümkündür və hansı sahələrdə bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq mümkündür?

Azərbaycan-Qırğızıstan münasibətlərini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Vətən müharibəsindəki qələbəmizdən sonra demək olar ki, hər il Sadır Japarov Bakıya səfər edir”.

II Qarabağ savaşında Qırğızıstan dövlətinin və xalqının hər zaman dəstəyini yanımızda hiss etdiyimizi vurğulayan ekspert bildirib ki, indi hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq çox vacibdir:

“Qırğızıstan Azərbaycana ən yaxın, dost ölkələrdən biri sayılır. Açığı indiki şəraitdə reallaşan bu səfərdən gözləntilər böyükdür. Rəsmi Bakı türkdilli dövlətlərlə əlaqələrdə Qırğızıstana daim böyük önəm verir. Sadır Japarov da hakimiyyətə gəldiyi zamanlardan ölkəmizlə yaxın əlaqələri daha da möhkəmləndirmək uğrunda davamlı səylər göstərir.

Təsadüfi deyil ki, Vətən müharibəsindəki qələbəmizdən sonra demək olar ki, hər il Sadır Japarov Bakıya səfər edir. İki il öncəki səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Bundan bir il sonra da Sadır Japarov ölkəmizə səfər etdi. Hər səfərində də Azərbaycan-Qırğızıstan əlaqələrinin ən yüksək səviyyədə olmasının vacibliyinə diqqət çəkir.

Cavanşir Abbaslı: “Qırğızıstanla siyasi istiqamətlərdə bütün əlaqələr ən yüksək səviyyədədir”.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də eyni fikirlər daim önə çəkilir. Ali Baş Komandanın da tez-tez Qırğız Respublikasına səfərinin şahidi oluruq. Ölkə rəhbəri təkcə Qırğızıstan deyil, bütün türkdilli dövlətlərlə yaxın əlaqələrin möhkəmləndirilməsinə daim diqqət ayırır, dövlət siyasətində daha çox bu nüansı hər zaman diqqətdə saxlayır. Göründüyü kimi, Qırğızıstanla siyasi istiqamətlərdə bütün əlaqələr ən yüksək səviyyədədir. Əlbəttə ki, iqtisadi sahələrdə əməkdaşlıq hələ də arzuolunan səviyyədə deyil. Amma mən inanıram ki, ən yaxın zamanlarda Azərbaycan və Qırğıstan iqtisadiyyatının əməkdaşlığı sürətlə inkişaf edəcək. İndiki səfər də bu istiqamətdə böyük önəm daşıyacaq.

Xüsusilə, iqtisadi yöndə bir sıra yeni əməkdaşlıqlar qurulacaq, sənədlər imzalanacaq. Hərbi sahədə də müəyyən anlaşmaların əldə olunacağı istisna deyil. Xüsusilə, unutmayaq ki, II Qarabağ savaşında Qırğızıstan dövlətinin və xalqının hər zaman dəstəyini yanımızda hiss etdik. İndi hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq çox vacibdir. Düşünürəm ki, bu istiqamətdə də təməl daşlarının atılması üçün bu səfərin tarixi əhəmiyyəti çox olacaq”.

Nərminə UMUDLU Poliqon.info