Kir Starmer Britaniyada təcili dəyişikliklər vəd edib

Britaniya İşçi Partiyasının lideri Kir Starmer İcmalar Palatasına seçkilərdə qalib gəldikdən sonra dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağına söz verib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Kir Starmer partiya fəalları qarşısında çıxışı zamanı bu vədi verib.

“Biz bunu etdik və qalib gəldik. Siz bunun üçün dayandınız, bunun üçün mübarizə apardınız və qələbə baş tutdu. Dəyişiklik indi başlayır”, deyə Kir Starmer çıxışı zamanı bildirib.

Prioritetləri barədə danışan siyasətçi ilk növbədə ölkənin, sonra partiyanın önəmli olduğunu vurğulayıb.

“Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətindən sonra ölkənin “parlaqlığı qayıdır”, və indi Britaniya gələcəyini bərpa etmək üçün fürsət tapıb”, deyə Starmer vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə seçkilərin Leyboristlər Partiyası İcmalar Palatasında 650 yerdən 326-nı alıb, səslərin hesablanması isə davam edir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Leyboristlər Partiyasının liderini qələbə münasibətilə təbrik edib.

Sunak seçkilərdə məğlub olduqdan sonra baş nazir vəzifəsini tərk edəcək, lakin o, Şimali Yorkşirdəki Riçmond dairəsindən seçilə bildiyi üçün parlamentdə qalacaq.

Poliqon.info