Rusiyanın ikinci bölgəsində niqaba müvəqqəti qadağa tətbiq edilib

Qaraçay-Çərkəzdə niqab taxmaq müvəqqəti olaraq qadağan edilib...

Qaraçay-Çərkəz Müftiliyi bölgədə niqab taxmağa müvəqqəti qadağa qoyub.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Berdiyev məlumat verib ki, qadağa “müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər” qüvvədə qalacaq. Berdiyev qadınların niqab taxması ilə bağlı bölgədə hansı təhlükələrin yarandığını dəqiq açıqlamayıb.

Xatırladaq ki, Dağıstan müftiliyi də iyulun 3-də oxşar müvəqqəti qadağa tətbiq edib. Eyni zamanda, şəriət mətnlərini öyrəndikdən sonra fətva şöbəsi bu tip geyimlərə tam qadağa qoyulması üçün heç bir əsasın olmadığını bildirib.

Qeyd edək ki, Rusiyada niqab taxmağın qadağan edilməsi məsələsi 2024-cü ilin mayında qaldırılıb. Bu fikirləri Parlament qəzetinə müsahibəsində İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev deyib.

İyunun sonunda İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyada niqab qadağasının tətbiqinin lehinə çıxış edib. O qeyd edib ki, müvafiq qanunun qəbulu Dövlət Dumasının vəzifəsidir.

Poliqon.info