Ekspertlər NATO-nu Ukraynanı alyansa dəvət etməməyə çağırıblar

61 xarici siyasət eksperti açıq məktub imzalayıb, NATO-nu iyulda Vaşinqtonda keçiriləcək sammit ərəfəsində Ukraynanın alyansa üzvlüyünə söz verməməyə çağırıb...

Poliqon xəbər verir ki, məktubun mətnini “Politico” qəzeti dərc edib. Məktub müəllifləri qeyd edirlər ki, Ukraynanın NATO-ya daha da irəliləməsi ölkəni uzun sürən çəkişmələr meydanına çevirəcək.

Məktubda ekspertlər NATO Nizamnaməsinin alyans üzvü olan ölkələrdən birinə hücum zamanı kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini də qeyd edirlər. Eyni zamanda, analitiklər hesab edirlər ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar Rusiyanı hərbi əməliyyatları davam etdirməyə sövq edir.

“Rusiya ilə bağlı problemlər Ukraynanın NATO-ya qəbulu olmadan həll edilə bilər”, deyə məktub müəllifləri iddia edirlər.

Xatırladaq ki, NATO-nun Vaşinqtonda sammiti iyulun 9-11-də keçiriləcək. NATO üzvləri Ukraynanı alyansa qoşulmağa dəvət etməyəcək, lakin uzunmüddətli maliyyə yardımı vəd edəcəkləri gözlənilir. Xüsusilə, NATO-nun baş katibi Yens Stoltenberq alyansı Ukraynaya hər il 40 milyard avro ayırmağı öhdəsinə götürməyi təklif edib. “The Telegraph” mənbələrə istinadən yazıb ki, sammitdə müttəfiqlər bu prosesə dəstək əlaməti olaraq Ukraynanın NATO-ya daxil olması üçün “yol xəritəsi”ni təsdiq etməyi planlaşdırırlar.

Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş şəkildə NATO-ya daxil olması üçün ərizə verildiyini elan etdi. 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammitində alyans üzvləri Ukraynanın üzvlük yolunu sadələşdirməyə razılaşıblar.

Poliqon.info