Çin Rusiya üçün hücum dronları hazırlayır

 

Çin və Rusiya şirkətləri İran "Şahed"inə bənzər hücum pilotsuz təyyarəsi hazırlayır...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi bu barədə vəziyyətlə tanış olan avropalı rəsmilərə istinadən yazıb.

Rəsmilər etiraf ediblər ki, bu, Çinin Qərb rəsmilərinin əvvəllər xəbərdarlıq etdiyi Rusiyaya ölümcül yardım göstərməyə yaxınlaşmasının əlamətidir.

Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, keçən il şirkətlər İran "Şahed"inin istehsalı üzrə əməkdaşlığa razılaşıblar və bu il Rusiya Federasiyasına göndərilmək üçün hazırlıq və sınaqlara başlayıblar. Onların sözlərinə görə, Çin pilotsuz təyyarələri Ukraynada hələ də istifadə edilməyib.

Bəzi ölkələr hesab edir ki, Rusiyaya hücum məqsədləri üçün pilotsuz təyyarələrin verilməsi ölümcül yardım üçün sərhədi keçəcək.

Nəşr qeyd edib ki, Rusiya Federasiyası kritik hissələrin və komponentlərin tədarükündə Çinə arxalanır. Rəsmilər Çinin "Şahed" kimi pilotsuz təyyarələri İran və ya Rusiya Federasiyasından çox daha sürətli istehsal edə bilməsinin narahatlıq doğurduğunu vurğulayıb.

Səlahiyyətlilər pilotsuz uçan aparatın hazırlanması ilə bağlı təfərrüatları təqdim etməyiblər, lakin Çinin müdafiə saytları və bir sıra media qurumları ölkənin "Sunflower 200" adlı kamikadze hücumu PUA-sı hazırladığını bildiriblər.

Qeyd edək ki, Çin hakimiyyəti bütün dünyanı Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsində neytral mövqe tutduqlarına inandırmaq üçün əlindən gələni edir. Lakin pərdə arxasından Çin bu müharibədə Rusiyaya kömək edir.

Avropa və Amerika rəsmiləri Çin hakimiyyətini Kremllə əməkdaşlıq etməməyə inandırmaq üçün dəfələrlə Pekinə gəliblər. Ancaq bu cəhdlər nəticəsiz qalıb. Belə ki, aprel ayında "Bloomberg News" xəbər verib ki, Çin ruslara hərbi məqsədlər üçün peyk şəkilləri, mikroelektronika və tanklar üçün dəzgahlar, həmçinin silahlarda istifadə olunan və ya onların istehsalı üçün lazım olan bir sıra texnologiyalar təqdim edir.

Poliqon.info