ABŞ-ın xüsusi nümayəndəsi Dohada Talibanla görüşüb

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest Dohada Taliban hərəkatının nümayəndələri ilə bir neçə görüş keçirib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Xüsusi Nümayəndə Tomas Uest və Əfqanıstanda Qadın və Qızların Hüquqları üzrə Xüsusi Elçi Rina Amiri Dohada birbaşa Taliban nümayəndələri ilə görüşüb”, deyə Patel suala cavab verib.

Patel qeyd edib ki, görüşlər zamanı Əfqanıstanda saxlanılan amerikalılarla bağlı məsələ də qaldırılıb.

“Xüsusi Nümayəndə Əfqanıstanda qeyri-qanuni saxlanılan ABŞ vətəndaşlarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün təzyiq edib və qeyd edib ki, bu həbslər Talibanın beynəlxalq tanınma axtarışında irəliləyişə mane olur”, deyə Patel bildirib və əlavə edib ki, məhbuslarla konsulluqların təmasları barədə məlumatı yoxdur.

Poliqon.info