Husilər dörd gəmiyə hücum etdiklərini bildiriblər

Yəmən üsyançıları “MSC Unific” konteyner gəmisinə, “Delonix” və “Lucky Sailor” tankerlərinə və Britaniya Hərbi Dəniz Qüvvələrinə dəstək gəmisinə hücum ediblər...

Poliqon xəbər verir ki, Yəmənin “Ənsar Allah” (Husi) üsyançı hərəkatının nümayəndələri ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli hesab etdikləri dörd gəmiyə hücumlar həyata keçirmələri ilə bağlı məlumat yayıblar. Hərəkatın hərbi nümayəndəsi Husilərə məxsus “Əl Məsirə” telekanalında gəmilərə qarşı əməliyyatlardan danışıb.

Husi hərbiçisi qeyd edib ki, üsyançılar “MSC Unific” konteyner gəmisinə, maye kimyəvi maddələri daşıyan “Delonix” və “Lucky Sailor” tankerlərinə hücum ediblər.

TASS xəbər verir ki, Britaniya Hərbi Dəniz Qüvvələrinə daxil olan “Anvil Point” gəmisi də hücuma məruz qalıb.

Üsyançı qüvvələr gəmilərə qanadlı raketlərlə hücum ediblər. Zərbə zamanı “MSC Unific” konteyner gəmisi Ərəbistan dənizində, “Delonix” tankeri isə Qırmızı dənizdə olub. Həmçinin, Aralıq dənizində “Lucky Sailor” tankeri, Hind okeanında isə “Anvil Point” gəmisi vurulub. Husilərin sözüsü əlavə edib ki, “Delonix” son bir həftə ərzində ikinci hücuma məruz qalıb.

Xatırladaq ki, husilər mütəmadi olaraq nəzarət etdikləri sularda gəmilərə hücum edir.

Poliqon.info