NATO Ukraynaya uzunmüddətli yardım üçün məsul şəxs təyin edəcək

NATO ölkələri Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya kömək məqsədi daşıyan tədbirlər planı hazırlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb. Digər məsələlərlə yanaşı, planda alyansın Ukraynaya hərbi təchizatların koordinasiyasına cavabdeh olan yüksək səviyyəli mülki məmur göndərməsi də nəzərdə tutulub.

Bundan əlavə, Almaniyanın Visbaden şəhərində Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnika, silah-sursat təchizatı və təlimlərin keçirilməsini əlaqələndirmək üçün qərargah yaradılacaq.

Xatırladılır ki, The New York Times qəzeti də keçən həftə bu təşəbbüslə bağlı məlumat yayıb. Qərargah hərbi yardım axınını optimallaşdırmaq və Ukraynanın alyansa son üzvlüyünə körpü yaratmaq məqsədi daşıyan NATO missiyasının bir hissəsi olacaq.

WSJ-nin məlumatına görə, tədbirlər bir neçə aydır inkişaf etdirilir, lakin Co Bayden və Donald Tramp arasındakı debatdan sonra daha da aktuallaşıb. Plan həmçinin Ukrayna ordusunun təchizat və təlim səviyyəsini NATO ölkələrininkinə yaxınlaşdıracaq. Hazırlanmış təşəbbüslər iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində elan ediləcək.

Sammitdə NATO üzvləri Ukraynanı alyansa qoşulmağa dəvət etməyəcək, lakin uzunmüddətli maliyyə yardımı vəd edəcəkləri gözlənilir. Xüsusilə, NATO-nun baş katibi Yens Stoltenberq alyansı Ukraynaya hər il 40 milyard avro ayırmağı öhdəsinə götürməyi təklif edib.

The Telegraph mənbələrə istinadən yazıb ki, sammitdə müttəfiqlər bu prosesə dəstək əlaməti olaraq Ukraynanın NATO-ya daxil olması üçün “yol xəritəsi”ni təsdiq etməyi planlaşdırırlar.

Poliqon.info