Keniyada etirazlarda 39 nəfərin ölüb

Keniya İnsan Haqları üzrə Milli Komissiyası ölkədə vergi artımı qanun layihəsinə etirazlarla bağlı hesabat yayıb...

Poliqon xəbər verir ki, təşkilatın məlumatına görə, etirazlar zamanı (iyunun 18-dən iyulun 1-dək) 39 nəfər həlak olub, 361 nəfər yaralanıb. Ən çox qurban Nayrobidə qeydə alınıb, 17 nəfər paytaxtda həlak olub.

İnsan Haqları üzrə Milli Komissiyasının hesabatında qeyd olunur ki, qurbanların əksəriyyətinin cəsədləri üzərində hələ də ekspertiza aparılmayıb. Bundan başqa, 32 nəfər itkin düşmüş şəxslər siyahısındadır. Bu müddət ərzində ümumilikdə 627 nəfər həbs edilib.

Xatırladaq ki, iyunun 29-da Human Rights Watch hüquq müdafiə təşkilatı etirazlar zamanı azı 30 nəfərin öldüyünü bildirib. Etirazların şahidləri, qurbanların qohumları və Nayrobi morqlarında qeydləri ilə HRW bir gündə, iyunun 25-də polis tərəfindən 23 nəfərin öldürüldüyünü təsdiqləyə bilib. Həmin gün etirazçılar ölkə parlamentinə soxulublar. X sosial şəbəkəsindəki “Keniya Citizen” telekanalı binada yanğının başladığı barədə məlumat yayıb. Hadisə yerində atışma səsləri də eşidilib. Həmin gün “Əl-Cəzirə” telekanalı 13 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirib.

Keniyada etirazlar iyunun 18-də ölkə parlamentinin büdcəni doldurmaq üçün vergilərin artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi fonunda başlayıb. Bundan əvvəl ölkənin Xəzinədarlığı 1,56 milyard dollarlıq büdcə kəsiri barədə məlumat verib. İyunun 26-da prezident Ruto büdcə qanununu imzalamaqdan imtina edib və ona iyulun 23-dən sonra baxılacaq düzəlişlər təklif edib.

Poliqon.info