Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron parlament seçkilərində səs verərkən yöndəmsiz vəziyyətə düşüb...

Poliqon xəbər verir ki, bu barədə yerli BFMTV telekanalı məlumat yayıb.

Jurnalistlər bildiriblər ki, dövlət başçısı Emmanuel Makron və xanımı sahilyanı Le Tuke şəhərində səs veriblər. Prezident xanımı ilə seçki məntəqəsinə gələndə sonuncu səhv edib. Qaydalara görə, vətəndaş əvvəlcə qutuda səs verməli, sonra seçici siyahısına imza atmalıdır. Lakin Bricit Makron ilk öncə seçici siyahısını imzalamağa cəhd etməklə səsvermə prosedurunu az qala pozub.

Dövlət başçısının həyat yoldaşı hətta qələmi əlinə ala bilsə də, seçki komissiyasının nümayəndəsi onun qarşısını kəsib. Məntəqə işçisi birinci xanıma bülleteni qutuya atmağın lazım olduğunu xatırladıb. Buna cavab olaraq Bricit Makron gülümsəyərək ona verilən göstərişlərə əməl edib.

Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi ifrat sağçı “Milli Birlik” partiyası alıb. Radikalları vətəndaşların 34,2%-i dəstəkləyib.

İkinci və üçüncü yerləri sol partiyaların “Yeni Xalq Cəbhəsi” və “Respublika Naminə Birgə” prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.

Poliqon.info