Cənubi Afrikada Milli Birlik Hökuməti yaradılıb

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ölkədə 11 parlament partiyasından milli birlik hökuməti yaradıldığını elan edib...

Poliqon France Press Agentliyinə istinadən xəbər verir ki, keçmiş müxalifət 32 nazir postundan 12-ni alıb. Cənubi Afrikada 30 ildir hakimiyyətdə olan Afrika Milli Konqresi (ANC) seçkilərin nəticələrinə görə parlamentdə mütləq əksəriyyəti itirib.

“Milli Birlik Hökuməti hazırkı formada Cənubi Afrika tarixində görünməmiş bir hökumətdir. Yeni hökumət sürətli, inklüziv və davamlı iqtisadi artıma və daha ədalətli cəmiyyət yaratmağa, yoxsulluq, bərabərsizlik və işsizliklə mübarizəyə üstünlük verəcək”, deyə Ramfosa televiziya ilə çıxışında bildirib.

Yeni hökumətdəki ANC kabinetdəki 32 postdan 20-ni alıb. Partiya əsas nazirlikləri - Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və s. Nazirlikləri əlində saxlaya bilib. Keçmiş müxalifətdəki Demokratik Alyans altı nazirlik qəbul edib, onun lideri Con Steinhuisen Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edəcək. “İnkatha” Azadlıq Partiyası iki nazirlik, daha dörd partiya isə hər biri bir nazirlik alıb.

Cənubi Afrikada 1994-cü ildən bəri hakimiyyətdə olan Afrika Milli Konqresi may ayında keçirilən seçkilərdə 40,2% səslə qalib gəlib. ANC parlamentdə mütləq çoxluğu əldə edə bilmədiyi üçün digər partiyalarla danışıqlar aparmalı olub.

Poliqon.info