Aİ Ukraynadan daha iki növ məhsulun idxalına məhdudiyyətləri gücləndirəcək

İyunun 28-dən Avropa İttifaqı yulafdan sonra Ukrayna şəkəri və yumurtasının idxalına tariflərin bərpasını təsdiqləyəcək...

Cümə günü, iyunun 28-dən Avropa İttifaqı yulafdan sonra Ukrayna şəkəri və yumurtasının idxalına tariflərin bərpasını təsdiqləmək niyyətindədir. Onlar ağ şəkərin tonu üçün 419 avro və xam şəkərin hər tonu üçün 339 avro olacaq. Yumurtanın kiloqramı əlavə olaraq 30 sentə başa gələcək. Beləliklə, blok avropalı fermerləri sakitləşdirmək üçün nəzərdə tutulmuş "təcili əyləc"dən istifadə etməyi planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən yazır.

Qeyd olunur ki, Ukrayna yulafının tonuna görə 89 avro məbləğində tariflər ötən həftə bərpa edilib və bu tariflər 2025-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Yumurta və şəkərlə bağlı oxşar qərar iyunun 28-də verilməlidir.

Məqalədə bildirilir ki, yulaf idxalı Aİ-nin müəyyən etdiyi yuxarı həddə çatıb - yanvarın 1-dən 6440 tondan çox idxal edilib. Yumurta və şəkər də təsdiq edilmiş maksimuma çatıb.

Jurnalistlərin fikrincə, tariflərin bərpası Kiyevin Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üzrə danışıqlarının nə qədər çətin olacağını vurğulayır. Ukrayna Aİ-yə üzv dövlətlərdən daha ucuz ərzaq istehsal edə bilən və hələ də subsidiyaların əsas alıcısı olan kənd təsərrüfatı ölkəsidir.

Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka FT-yə bildirib ki, tariflər hazırkı razılaşmaya uyğundur, lakin Ukrayna hökuməti onların artırılmaması üçün Brüssellə danışıqlar aparır: "Bütün hökumətlər Ukraynanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının tərəfdarı olduqlarını deyirlər, amma bunu zaman göstərəcək. Kənd təsərrüfatı ilə bağlı danışıqlar çox çətin olacaq".

Brüssel 2022-ci ilin iyununda Ukrayna ərzaq məhsullarının idxalına dair bütün tarifləri və kvotaları ləğv etməyə razılaşıb. Sonra Ukraynaya rüsumsuz giriş daha bir il uzadılıb. Bununla belə, 2023-cü ildən bir sıra Avropa ölkələrində fermerlər Ukrayna idxalının artıqlığının onları bazardan sıxışdırmasından şikayətlənirlər. Bu ölkələr birtərəfli qaydada bir çox mallara embarqo qoyub, yalnız tranzitə icazə veriblər.

Poliqon.info