Ceyms O'Brayen: Mesajımız ondan ibarətdir ki, sülhün vaxtı çatıb...

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək, Bakıya gözlənilən səfərinin mövzusuna toxunub...

Poliqon xəbər verir ki, O'Brayen Azərbaycan prezidenti İlham Əliyevə hansı mesajı çatdıracağı və Ermənistana qarşı hər hansı təhdid və ya gələcək təcavüz olacağı təqdirdə bunun hansı nəticələrə gətirib çıxaracağına aydınlıq gətirəcəyini soruşduqda, Dövlət Departamentinin rəsmisi bildirib ki, sülhün vaxtı çatıb.

“Biz Prezident Əliyevə tam aydın şəkildə bildirdik ki, sülhün vaxtı çatıb. Bu, təkcə COP29-a ev sahibliyi etməklə dünya lideri kimi hörmət qazanmağa ümid edən Azərbaycan üçün deyil, həm də bütün region və Mərkəzi Asiya üçün problemdir. Bütün bu ölkələr yalnız Çin və ya Rusiya vasitəsilə ixrac edirlər. Onların alternativ çıxış yolu olması üçün Azərbaycan üzərindən hərəkət etməlidirlər. Bir marşrut Gürcüstandan Qara dənizə, digəri isə potensial olaraq daha böyük olan Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və buna görə də mövcud müharibəyə və dəhşətli münaqişəyə son qoymaq üçün 90-cı illərdən bəri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ehtiyacımız var. Mesajımız ondan ibarətdir ki, sülhün vaxtı çatıb”, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini bildirib.

Poliqon.info