AŞPA Rusiya rəhbərlərinin hərbi tribunala çıxarılmasını tələb edib

Avropa Şurası Parlament Assambleyası Rusiya liderlərini mühakimə etmək və sanksiyaları sərtləşdirmək planlarını açıqlayıb...

Poliqon xəbər verir ki, AŞPA bu gün Strasburqda birgə müzakirələrdən sonra qəbul edilən üç qətnamədə Vladimir Putin və onun generallarını Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları gücləndirmək və onun Ukraynanın mədəni kimliyini “silmək” cəhdlərinə qarşı çıxmaq planlarını açıqlayıb.

“Məsuliyyət olmadan sülh ola bilməz” deyən parlamentarilər Rusiya hərbi-siyasi rəhbərliyinə qarşı tribunalın yaradılmasını tələb ediblər. Həmçinin AŞPA və digər beynəlxalq təşkilatları iştirak etməyə çağırıblar.

Assambleya həmçinin Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsinin Ukrayna üçün beynəlxalq təzminat fonduna köçürülməsini də vacib hesab ediblər.

Assambleya ayrıca bir qətnamədə Rusiyaya qarşı mövcud sanksiyalarda “kölgə donanması” gəmilərinin siyahıya alınması və oların səfərlərinin qadağan edilməsi, ixrac nəzarətinin gücləndirilməsi və ana şirkətlərin törəmə müəssisələrinin hərəkətlərinə görə məsuliyyət daşıması kimi boşluqların aradan qaldırılması yollarını təklif edib.

Üçüncü qətnamədə isə Assambleya Rusiyanın Ukraynanın mədəni kimliyini silmək üçün sistematik səylərini – uşaqların “ruslaşdırılması”, tarix dərsliklərinin yenidən yazılması, arxivlərin dağıdılması kimi addımlarını pisləyib.

Bunlar “müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərdir” deyən parlamentarilər vaxtında təzminatların tam ödənilməsinin vacibliyini vurğulayıblar.

Poliqon.info