Trampın Ukrayna ilə bağlı sülh planı - Ağ Ev nə düşünür?

Hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya ilə danışıqlara başlamaq qərarı Ukrayna tərəfindən veriləcək...

Poliqon xəbər verir ki, belə bir bəyanatla ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə müşavirlərinin Donald Trampa təklif etdiyi sülh planı barədə məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident Co Bayden Ukraynanı ardıcıl və qətiyyətlə dəstəkləyir:

"Biz Ukraynanı müdafiəsində dəstəkləyən 50-dən çox ölkədən ibarət qlobal koalisiya yaratdıq. Bayden bu yaxınlarda İtaliyada keçirilən G7 sammitində Ukrayna ilə tarixi ikitərəfli təhlükəsizlik sazişi imzaladı. O başa düşür ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər güclü olsa, Kiyev vaxtı gələndə danışıqlar masası arxasında bir o qədər güclü olacaq və həmin vaxt gələndə kimin qərar verəcəyini bilirsiniz - prezident Zelenski", deyə Kirbi bildirib.

O vurğulayıb ki, Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır: 

"Biz israrla çalışırıq ki, prezident Zelenskinin danışıqlar üçün lazım olan hər şeyi o, hazır olduqda güc mövqeyindən əldə etsin. O, bilir ki, 50-dən çox ölkənin dəstəyi davam edir".

Kirbinin sözlərinə görə, Ağ Ev Ukraynanı ərazi güzəştlərinə məcbur etmək fikrində deyil, çünki Putinə Ukraynanı fəth etməyə icazə verilsə, bunun nəticələri ağır olacaq.

Ötən gün "Reuters" agentliyi yazıb ki, Donald Trampın iki əsas müşaviri - Keyt Kelloq və Fred Fleyts ona Ukraynada müharibəyə son qoymaq planını təqdim ediblər. Qeyd olunub ki, bu plan Ukraynanın yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı ala biləcəyini nəzərdə tutur.

Daha sonra Trampın seçki qərargahı aydınlaşdırıb ki, əgər o, yenidən ABŞ prezidenti seçilərsə, onun prioriteti Rusiya və Ukrayna arasında müharibəni mümkün qədər tez bitirmək olacaq, lakin eyni zamanda, Avropa ölkələri təhlükəsizliyin qorunmasında daha çox töhfə verməlidir. 

Poliqon.info