Ukrayna Avropa yolundan saparsa, Aİ ona yardımdan imtina edəcək

Avropa İttifaqı Zelenski ilə təhlükəsizlik sazişini iyunun 27-də imzalayacaq...

Avropa İttifaqı və Ukrayna yaxın vaxtlarda saziş imzalamağı planlaşdırır və bu sazişə əsasən, ölkə “Avropa yolundan” çıxacağı təqdirdə Qərbin Kiyevə yardımdan imtina etmək hüququ olacaq.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

“Avropa İttifaqının cümə axşamı günü Vladimir Zelenski ilə təhlükəsizlik sazişi imzalaması gözlənilir. Aİ-nin hazırladığı sənəd layihəsində deyilir ki, Ukrayna öz Avropa yolunu tutduqca onun öhdəlikləri qüvvədə qalacaq”, deyə Reuters yazır.

Qeyd olunur ki, saziş imzalandıqdan sonra 10 ildən gec olmayaraq tərəflərin öhdəliklərinə yenidən baxılmasını nəzərdə tutur. Razılaşmanın şərtlərinə görə, Aİ 24 saatdan çox olmayan müddətdə Kiyev tərəfinə “gələcək təcavüz” məsələləri üzrə məsləhətləşmələr təqdim etməyə borcludur.

Bundan əlavə, tərəflər təhlükəsizlik və müdafiə siyasətinin doqquz əsas istiqaməti üzrə əməkdaşlıq məsələlərini həll ediblər. O cümlədən, silah təchizatı, hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və minalardan təmizləmə məsələləri daxildir.

Vladimir Zelenski bu sənədi Avropa liderlərinin Brüsseldə keçiriləcək sammiti zamanı imzalamağa hazırlaşır.

İyunun 7-də Avropa Komissiyası Ukraynanın danışıqlara hazır olduğunu təsdiqləyərək Kiyevin rəsmi dialoqun açılması üçün bütün ilkin şərtləri yerinə yetirdiyini göstərib. Aİ Şurası iyunun 21-də Avropa İttifaqının danışıqlarla bağlı ümumi mövqeyini təsdiqləyib.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin iyununda Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunu alıb. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarı 2023-cü il dekabrın 14-də Avropa Şurası tərəfindən qəbul edilib.

Poliqon.info