Braziliya prezidenti Argentina rəhbərindən üzr istəməsini tələb edib

Xavyer Miley dəfələrlə Lula da Silvanı “korrupsioner kommunist” adlandırıb...

Braziliya lideri Lulu da Silva Argentinanın prezidenti ilə danışıqlara başlamaq üçün qarşı tərəfin üzr istəməli olduğunu bildirib və Mileyin onun haqqlnda söylədiyi “korrupsioner kommunist” sözlərini geri götürməsini istəyib.

Poliqon xəbər verir ki, bu barədə Braziliyanın TN nəşri məlumat yayıb.

Belə ki, Braziliya prezidenti jurnalistin iki ölkə liderlərinin hətta birgə beynəlxalq tədbirlərdə də ünsiyyət qurmaması barədə fikirlərinə münasibət bildirib. Lula da Silva Argentinanı sevdiyini və hörmət etdiyini qeyd edib.

"Mən Argentina prezidenti ilə danışmamışam, çünki onun Braziliyaya və mənə üzrxahlıq borclu olduğunu düşünürəm. O, çoxlu cəfəngiyyatlar deyib. Mən sadəcə ondan üzr istəməsini istəyirəm”, deyə Lula da Silva əlavə edib.

Xatırladaq ki, seçki kampaniyasında Braziliya lideri Argentina prezidentliyinə namizəd Serxio Massanı dəstəkləyib. Prezidentlik kampaniyası boyu Miley dəfələrlə Lula da Silvanın “korrupsiya”sı ilə bağlı xoşagəlməz ifadələr işlədib.

Miley administrasiyasının rəsmi sözçüsü Manuel Adorni Braziliya prezidentinin üzrxahlıq bəyanatlarına artıq cavab verib. O, “Prezident Xavyer Miley peşman olacağı heç nə etməyib”, deyib.

Poliqon.info