Hindistanın baş naziri iyulun 8-də Moskvaya səfər edəcək

Hindistanın baş naziri Narendra Modi Hindistan-Rusiya münasibətlərini gücləndirmək üçün Moskvaya səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə Hindistanın The Tribune qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, səfər iyulun 8-də baş tutacaq.

Qeyd edək ki, Modi sonuncu dəfə Rusiyaya 2019-cu ildə səfər edib və həmin vaxt Hindistan lideri Vladivostokda olub.

Nəşr yazır ki, Hindistanın baş nazirinin Moskvaya səfəri vacibdir, çünki bu, Narendra Modinin üçüncü müddətə hökumətə başçılıq etməsindən qısa müddət sonra, həmçinin Vladimir Putinin beşinci dəfə yenidən seçilməsindən sonra baş tutacaq.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mümkün səfər barədə məlumat yaymayıb.

Hindistanda seçkilər aprelin 19-dan iyunun 1-dək 44 gün ərzində keçirilib. Hakim “Bharatiya Janata” Partiyası parlamentdəki 543 yerdən 300-nü, müxalifət bloku isə 230 yeri tutub. Hakim partiya üçün bu nəticə son 15 ilin ən pis nəticəsi olub.

Poliqon.info