Çin ABŞ-ın silah istehsalçısı “Lockheed Martin” şirkətinə sanksiya tətbiq edib

Çin Xarici İşlər Nazirliyi: Pekin Tayvana silah satışına görə “Lockheed Martin” şirkətinə qarşı sanksiyalar tətbiq edib...

Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bəyanatda qeyd edilir ki, Vaşinqton bu yaxınlarda Tayvana silah satışını elan edib. Xarici İşlər Nazirliyinin nümayəndələri ABŞ-ın qərarının “bir Çin” prinsipini və üç Çin-Amerika kommünikesini pozduğunu vurğulayıblar. Bundan əlavə, Pekin Vaşinqtonu ölkənin daxili işlərinə ciddi müdaxilədə və onun suverenliyinə zərər vurmaq cəhdində ittiham edib.

“Çin “Lockheed Martin” şirkətinin müvafiq bölmələrinə və yüksək rütbəli rəhbərliyinə qarşı əks tədbirlər görməyə qərar verib”, deyə bəyanatda bildirilir.

Çin Xarici İşlər Nazirliyi sanksiyaların tətbiqi ilə bağlı qərarın ölkə qanunvericiliyinə uyğun olaraq qəbul edildiyini qeyd edib.

Bəyanatdan belə çıxır ki, məhdudiyyətlər “Lockheed Martin”in üç törəmə şirkətinə, “Lockheed Martin Advanced Technology Laboratories”, “Missile System Integration Lab” və “Lockheed Martin Ventures” törəmə şirkətlərinə təsir edib. Bir neçə şirkət işçisi də sanksiyalara məruz qalıb. Qeyd edək ki, iyunun 19-da ABŞ Dövlət Departamenti Tayvana 60,2 milyon dollar dəyərində Switchblade-300 sistemlərinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Poliqon.info