“Yanar dağ” Dövlət Qoruğunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

İyunun 15-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayonun inzibati orqanlarının, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının  rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri, rayon gəncləri iştirak ediblər.

Tədbiri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi Agentliyin tabeliyində olan Qoruqlarla iş və biznesin inkişafı şöbəsinin müdiri Fəxrəddin Həsənzadə giriş sözü ilə açaraq, 15 İyunun Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Fəxrəddin Həsənzadə  Azərbaycanın müasir tarixində Milli Qurtuluş Gününün önəmini diqqətə çatdırıb. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran F.Həsənzadə  ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişaf üçün fundamental əsasların yaradıldığını bildirib. Azərbaycanın sürətlə inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan F.Həsənzadə  həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsini yaşadığını qeyd edən F.Həsənzadə  deyib ki, ölkəmizin iqtisadi transformasiyasının əsas səbəbi iqtisadiyyatın daha da gücləndirilməsi, insanların rifahı üçün daha əlverişli şəraitin təmin olunması, bütün bu uğurlara nail olunmasında yeni üsul və vasitələrdən istifadə edilməsidir. Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanın yeni mərhələdə daha sürətli inkişafını təmin etmək məqsədini güdür. Fəxrəddin Həsənzadə  bu islahatlar nəticəsində Azərbaycanın daha sürətlə inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva 1993-cü il iyunun 15-nin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm başlanğıc nöqtəsi olduğunu qeyd edib. Bildirib ki, xilaskarlıq missiyasını öz üzərinə götürərək hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyi qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli-mənəvi sərvətlərimizə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu.

Vurğulandı ki, Ulu Öndərin uzaqgörən siyasətini müasir dövrün tələbləri əsasında daha da inkişaf etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutan, davamlı inkişafını təmin edən qüdrətli ölkəyə çevrilib. Ölkəmizin sürətli inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xidmətləri respublikamızın uğurlu inkişafının paytaxtın Nəsimi rayonunun sosial-iqtisadi mənzərəsində də əksini tapıb. Qeyd olundu, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə mühüm töhfə verməlidirlər.

Tədbir incəsənət ustalarının konsert proqramı, gənc istedadların rəqs və ifaları ilə başa çatmışdır.

Poliqon.info