Rusiya və KXDR arasında strateji tərəfdaşlıq haqqında sazişin məzmunu açıqlanıb

23 maddədən ibarət sənədi Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In imzalayıb...

Saziş xüsusilə, tərəflərdən birinə hücum zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Poliqon xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) KXDR və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin mətnini dərc edib.

Müqavilənin 4-cü maddəsində deyilir ki, “əgər tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, BMT nizamnaməsinin 51-ci maddəsinə, o cümlədən Rusiya və KXDR qanunlarına uyğun olaraq, digər tərəf müvafiq olaraq sərəncamında olan bütün vasitələrlə təcavüzə məruz qalan tərəfə dərhal hərbi yardım göstərəcək.

Cənubi Koreyanın “Yonhap” Agentliyi qeyd edir ki, eyni müddəa SSRİ ilə KXDR arasında 1961-ci il tarixli “Dostluq və Qarşılıqlı Yardım Müqaviləsi”ndə də var idi, lakin orada BMT Nizamnaməsi və tərəflərin daxili qanunlarından bəhs edilməyib.

3-cü maddəyə əsasən, tərəflər “regional və beynəlxalq sülh və təhlükəsizliyin” təmin edilməsi üçün əməkdaşlıq edəcəklər. Üçüncü ölkədən hücum təhlükəsi yaranarsa, Rusiya və KXDR “bir-birinin mövqelərini uyğunlaşdırmaq üçün hər iki tərəfin tələbləri ilə təhdidin aradan qaldırılmasında əməkdaşlığı təmin etmək naminə mümkün praktiki tədbirlər haqqında razılığa gəlirlər. Bu halda danışıqlar gecikmədən başlamalıdır.

Müqavilə üçüncü ölkələrlə tərəflərdən birinin suverenliyinə və təhlükəsizliyinə xələl gətirən sazişlərin bağlanmasını qadağan edir (Maddə 5). Rusiya və KXDR təhlükəsizlik və sabitliyi təmin edən “sülh siyasətini” dəstəkləməyi öhdəsinə götürür (maddə 6). 8-ci maddəyə əsasən, tərəflər “regional və beynəlxalq sülhü təmin etmək” məqsədilə müdafiə qabiliyyətini gücləndirmək üçün tədbirlər görməyə razılaşıblar.

Müqavilə həmçinin Rusiya və KXDR-in bir-birinə qarşı “birtərəfli məhdudiyyət tədbirləri” tətbiq etməyəcəyini və bu cür hərəkətləri BMT Nizamnaməsinə zidd hesab edilməsini nəzərdə tutur (maddə 16). Saziş beynəlxalq terrorizm və ekstremizmə qarşı birgə mübarizəni, habelə ticarət, iqtisadiyyat, investisiya, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Vladimir Putinin iyunun 18-19-da KXDR-ə səfəri zamanı imzalanıb. Sənəd ölkələr arasında 1961, 2000 və 2001-ci illərdə imzalanmış əvvəlki sazişləri əvəz edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yeni sənədin zəruriliyini geosiyasi vəziyyətin dəyişməsi və Rusiya ilə KXDR arasında münasibətlərlə izah edib.

Poliqon.info