Şimali Koreyada Lavrovun zaldan qovulmasının səbəbi açıqlanıb

Rusiyanın müdafiə və xarici işlər nazirləri Andrey Belousov və Sergey Lavrov Şimali Koreyada yerli nəzakət standartlarına görə zaldan çıxarılıb...

Poliqon xəbər verir ki, Şimali Koreyda Rusiya nazirlərinin zaldan qovulmasının səbəbini RBC-yə müsahibəsində Rusiya Milli Rabitə Mərkəzinin (protokol məktəbi) rəhbəri Olqa Kevorkova bu şəkildə izah edib.

Olqa Kevorkovanın sözlərinə görə, Rusiya və KXDR-də etiket standartları fərqlidir. Belə ki, Şimali Koreyada Rusiya rəsmiləri onlar üçün qeyri-adi yanaşma ilə üzləşiblər.

“Rusiyada hər şey hazır olanda biz prezidenti (və dövlət başçılarını) zala dəvət edirik və bu zaman artıq bütün iştirakçılar artıq zalda olur, yerlərini tuturlar. Bu daha rahatdır və bizim nümayəndə heyətinin üzvləri buna öyrəşiblər. Bəzi digər ölkələrin təcrübəsində nümayəndə heyəti yalnız birinci şəxsdən sonra daxil olur”, deyə Kevorkova qalmaqalı şərh edib.

Onun sözlərinə görə, görüşlərdən əvvəl etiket məsələləri ayrıca müzakirə olunur. Bu dəfə belə olmayıb və ona görə də ruslar adət etmədikləri vəziyyətlə üzləşiblər.

Qeyd edək ki, canlı yayımın görüntülərinə əsasən, Şimali Koreya rəsmisi Rusiya nümayəndə heyətinin üzvləri danışıqlar masasında yerlərini tutmağa başlayandan sonra iclas zalını tərk etmələrini istəyib. O izah edib ki, əvvəlcə KXDR lideri Kim Çen In görüş otağına daxil olmalıdır.

Poliqon.info