Baqrat Srbazan parlament binasının qarşısını tərk edib

Etirazçılar Ermənistan parlamentinin binası yaxınlığında çadırları söküblər və ərazini tərk ediblər...

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası üçün etiraz aksiyasının keçirildiyi İrəvanda parlament binası yaxınlığındakı çadır şəhərciyi sökülüb

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin İrəvandan verdiyi məlumatda bildirilir. “Vətən üçün Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan düşərgənin başqa yerə köçürüldüyünü açıqlayıb.

Etirazçılar iyunun 10-da Marşal Baqramyan prospektində çadır şəhərciyi qurublar. Baqrat Qalstanyan ölkə vətəndaşlarını həmin gündən etibarən itaətsizlik aksiyasına başlamağa və iyunun 14-dək 96 saat fasiləsiz mitinqlər keçirməyə çağırıb.

İrəvanda keçirilən etiraz aksiyaları etirazçılarla polis arasında toqquşma ilə müşayiət olunub. Yerli media hüquq-mühafizə orqanlarının əməkdaşlarının səs bombalarından, etirazçıların isə şüşə butulkalardan istifadə etdiyini bildirib. İyunun 13-də 101 nəfər kömək üçün həkimlərə müraciət edib.

Baqrat Qalstanyan bildirib ki, iyunun 17-də etirazçılar yenidən parlament binası yaxınlığında toplaşacaqlar. Bu tarixdə müxalifət fraksiyalarının tələbi ilə hökumətin istefası ilə bağlı parlamentin növbədənkənar iclası keçirilməlidir.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Tavuş bölgəsində sərhədin delimitasiyası ilə bağlı razılığa gəldikdən sonra İrəvanda nümayişlər başlayıb.

Poliqon.info