Almaniya Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketini bloklayır

Almaniya federal hökuməti Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqlənməsinə mane olur...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın DPA Agentliyi Brüsseldəki mənbələrə istinadən məlumat yayıb. Agentliyin mənbələrinin fikrincə, alman tərəfinin şübhələri ilk növbədə əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyi çətinləşdirəcək tədbirlərlə bağlıdır.

DPA-nın verdiyi məlumata görə, Almaniya hökuməti 14-cü sanksiyalar paketindən sanksiyalar rejiminin pozulmasına görə müəssisələrin xarici filiallarının məsuliyyəti və ya belə şirkətlərin siyahısının məhdudlaşdırılması ilə bağlı tədbirin çıxarılmasında israrlıdır. Almaniyanın tələbi Rusiyanın sanksiyalardan yan keçəcəyi təqdirdə alman şirkətlərinin də məsuliyyətə cəlb olunacağı qorxusuna əsaslanır.

Bundan əlavə, Almaniya hökuməti bəzi sanksiyaların yerinə yetirilməsi ilə bağlı hesabat öhdəliklərini lazımsız hesab edir. Alman tərəfi, məsələn, Rusiyanın maliyyə məlumat mübadiləsi sistemindən istifadəyə məhdudiyyətlər kimi tədbirlərin yumşaldılmasına nail olmaq istəyir.

Agentliyin mənbələrinin fikrincə, Almaniyanın yeni sanksiyaların parametrləri ilə razılaşmaması onların müzakirəsinin hələ də davam etməsinə əsas səbəbdir.

“Son zamanlar Almaniyanın yeni Macarıstana çevrildiyi hiss olunur”, deyə DPA Brüsseldəki mənbəsindən sitat gətirir.

Poliqon.info