Natiq Miri: Dünyanın idarə olunması tamamilə alt-üst olub...

Hər nə qədər müharibə Rusiya ilə Ukrayna arasında getsə də, müharibə həm də bloklararası savaş kimi də görünür...

Politoloq: “Yeni dünya nizamı yaranana qədər bu proses davam edəcək. Yəni istər Qərb-Rusiya qarşıdurması, istərsə də Yaxın Şərqdəki HƏMAS-İsrail arasında olan müharibələr yeni dünya nizamının formalaşması üçün tətikləyici proseslərdir”.

“Ukrayna müharibəsinin nə zaman bitəcəyi bəlli olmasa da, bu müharibə 21-ci əsrdə dünyanın yenidən şəkillənməsinə yön verəcək əsas hadisədir”.

Bu sözləri politoloq Natiq Miri Ukrayna müharibəsinin yeni dünya düzəninə qədər davam etməsi ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya öz hərbi-sənaye kompleksini gücləndirib və müharibəyə göndərdiyi hərbi texnikanın sayını artırıb. Ukrayna hərbi texnik və sursat sarıdan zəifləsə də, ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya hərbi dəstəyin miqyasını artırıblar. Eyni zamanda Fransa “Mirage-2000” qırıcı təyyarələrini Ukraynaya təhvil verməyə hazırlaşır. Yəni hər nə qədər müharibə Rusiya ilə Ukrayna arasında getsə də, müharibə həm də bloklararası savaş kimi də görünür.

Bütün bunlardan çıxış edərək demək olarmı ki, Ukrayna müharibəsi yeni dünya dönəmi formalaşana qədər davam edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Yeni nizamın yaranması üçün bu cür müharibələrin olması zəruri və normal prosesdir. Tarixdə heç bir zaman yeni düzən müharibəsiz formalaşmayıb”.

Bu gün beynəlxalq hüququn maraqlara alət olunaraq istifadə olunduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, əvvəlcə güc tətbiq olunur, sonra isə məsələ beynəlxalq hüquqa bağlanılır:

“Bəli, yeni dünya nizamı yaranana qədər bu proses davam edəcək. Yəni istər Qərb-Rusiya qarşıdurması, istərsə də Yaxın Şərqdəki HƏMAS-İsrail arasında olan müharibələr yeni dünya nizamının formalaşması üçün tətikləyici prisesdir. Buna görə də bu müharibələr, qarşıdurma yeni dünya nizamının şəkillənməsidir. Çünki baş verən hadisələr həqiqətən də, ikinci dünya müharibəsindən sonra mövcud olan beynəlxalq münasibətlər sisteminin artıq mümkün olmayacağını və işləmədiyini ortaya qoyur.

Paralel olaraq bir də beynəlxalq hüquqa münasibət də tamamilə dəyişib. Yəni beynəlxalq münasibət selektiv yanaşmanı qəbul etmir. Beynəlxalq hüquq bütün hüquqların üstü qəbul olunan hüquqdur. Ancaq bu gün beynəlxalq hüquq maraqlara alət olunaraq istifadə olunur. Əvvəlcə güc tətbiq olunur, sonra məsələ beynəlxalq hüquqa bağlanılır. Çünki ki, burada öndə olan beynəlxalq hüququn üstünlüyü deyil, geosiyasi maraqlardır.

Natiq Miri: “Təbii ki, yeni dünya düzənini qalib tərəf öz maraqları çərçivəsində formalaşdırır və düşünürəm ki, bu dəfə də belə olacaq”.

Hazırda dünyanın idarə olunması tamamilə alt-üst olub. Yeni nizamın yaranması üçün bu cür müharibələrin olması zəruri və normal prosesdir. Tarixdə heç bir zaman yeni düzən müharibəsiz formalaşmayıb. Buna görə də, Ukrayna müharibəsinin nə zaman bitəcəyi bəlli olmasa da, bu müharibə dünyanın yenidən şəkillənməsinə yön verəcək əsas hadisədir. Təbii ki, yeni dünya düzəni ni qalib tərəf öz maraqları çərçivəsində formalaşdırır və düşünürəm ki, bu dəfə də belə olacaq.

Hazırda isə bütün güclər buna hazırlaşır. Yəni dünya nizamında söz sahlbi olmaq üçün hər kəs özünün güclü olmasını istəyir və bunu təmin etməyə çalışır”.

Nərminə UMUDLU Poliqon.info