Rusiya XİN: NATO ilə dialoqun bərpası üçün heç bir perspektiv yoxdur...

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, indi Rusiya ilə NATO arasında dialoqun bərpası üçün heç bir perspektiv yoxdur...

Poliqon xəbər verir ki, Rusiya XİN rəsmisi bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Qruşkonun sözlərinə görə, bunun bir neçə səbəbi var. Bunlardan biri alyansın Rusiyanı birbaşa özü üçün təhlükə elan etməsidir.

“Bu, təkcə siyasətdə deyil, həm də hərbi inkişaf planlarında, hərbi fəaliyyətin xarakterində ifadə olunur”, deyə diplomat qeyd edib.

Qruşko vurğulayıb ki, NATO-nun bu gün gördüyü hər şey Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlaşmaq məqsədini daşıyır.

“Aparılan təlimlər də onu göstərir ki, indi əməkdaşlığa əsaslanan bütün təhlükəsizlik konsepsiyaları bir kənara atılıb və NATO “soyuq müharibə”nin təhlükəsizlik sxemlərinə qayıdıb”, Rusiya xarici işlər nazirinin müavini əlavə edib.

Qruşko NATO-nun Rusiyaya qarşı hibrid müharibəyə başladığını da xatırladıb.

“İqtisadi sahədə ölkəmizə qarşı minlərlə qeyri-qanuni sanksiyalar tətbiq edilib, ideoloji sahədə Rusiya şeytanlaşdırılıb”, deyə diplomat vurğulayıb.

Poliqon.info