Rusiyanın Ukraynanın enerji sisteminə vurduğu ziyan 56 milyard dollardır...

Rusiya Ukraynanın enerji sektoruna 56 milyard dollardan çox ziyan vurub və bərpa üçün ən çox pula ölkənin istilik sistemi ehtiyac duyur...

Poliqon xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin (KSE) araşdırmasında deyilir.

"Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi nəticəsində energetika sektoruna 56,2 milyard dollar məbləğində birbaşa ziyan və dolayı maliyyə itkiləri dəyib, dağıdılmış ərazilərin tam yenidən qurulmasını nəzərdə tutan bərpaya ehtiyac yaranıb", deyə məlumatda bildirilir.

Kiyev İqtisadiyyat Məktəbinin qiymətləndirməsinə görə, ən çox istilik istehsalı zərər çəkib - onun birbaşa itkiləri 5 milyard dolları ötüb. İkinci yerdə elektrik enerjisinin ötürülməsi sistemidir - 2,4 milyard dollar. İnfrastruktur 2,1 milyard dollar itki ilə üçüncü yerdə qərarlaşıb.

Yüksək gərginlikli elektrik ötürücü yarımstansiyaların təxminən yarısı zədələnib. Bundan əlavə, Rusiya qoşunları faktiki olaraq Ukrayna ərazisindəki bütün neft emalı zavodlarını, neft və neft məhsullarının saxlanması üçün infrastrukturun əhəmiyyətli hissəsini məhv edib.

Bundan əvvəl "Ukrenerqo" xəbər vermişdi ki, ruslar Ukraynanın bütün İES və SES-lərini kütləvi hücumlarla zədələyiblər, buna görə də bu stansiyalar hücumlardan əvvəl istehsal etdikləri elektrik enerjisini indi istehsal edə bilmirlər.

Poliqon.info