Xavyer Miley Ukrayna üzrə sülh konfransında iştirak edəcək

Argentina prezidenti fikrini dəyişib və Ukrayna ilə bağlı konfransa getmək qərarına gəlib...

Argentina prezidenti Xavyer Miley qərarını dəyişərək, Ukrayna münaqişəsinin həlli ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak etmək qərarına gəlib.

Poliqon xəbər verir ki, bu barədə Argentinanın “Clarin” qəzeti məlumat verib.

Dövlət başçısının bu qərarı “son anda” verdiyi bildirilir. Nəşrin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Mileyə xüsusi mesaj göndərərək ondan heç olmasa sammitin açılış mərasimində iştirak etməsini xahiş edib. Argentinanın müdafiə naziri Luis Petri də İsveçrəyə səfər edəcək.

“Clarin” qəzeti qeyd edir ki, Argentina lideri iyunun 13-14-də İtaliyada keçiriləcək Yeddilik Qrupu (G7) sammitində iştirak etdikdən sonra İsveçrədəki konfransda iştirak edəcək.

Xatırladaq ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üzrə sammit keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən az ölkə iştirakını təsdiqləyib.

Poliqon.info