Aİ Azərbaycan qazını Rusiya kəməri ilə Ukrayna ərazisindən idxal etmək niyyətindədir...

Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Ukrayna tərəfi ilə danışıqlar aparır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışov Bloomberg-lə söhbətində ölkəsinin Rusiyanın “Qazprom”u ilə təmasları nəzərdə tutan Aİ-nin tranzitin uzadılması layihələrində iştirakını istisna edib.

Bloomberg mənbələrinə görə, hazırda tranzitin davam etdirilməsi üçün müzakirə olunan variantlardan biri Avropa İttifaqının Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir. Bununla da Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiyanın özündən qazın alınmasını istisna olur.

Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək Ukraynanın iqtisadi maraqları daxilindədir.

Nəşrin yazdığına görə, Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının ölkənin iqtisadiyyatını ayaqda saxlayan amillərdən biri hesab etməsi ilə bağlıdır. Bundan əlavə, Avropa rəsmiləri ehtiyat edir ki, boş qaldıqda boru kəmərləri yararsız hala düşə və ya hərbi hədəfə çevrilə bilər.

Poliqon.info