Çips yediyi üçün zəhərlənərək öldüyü deyilən Turqutun babası danışdı - Yenilənib

Azyaşlı uşağın çipsdən zəhərlənərək öldüyü bildirilir...

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Beş yaşlı Turqut ailənin sonbeşiyi olub. İyunun 8-i bacısı və qardaşı ilə birgə həyətdə oynadıqdan sonra evə gəlib. Hər üç uşaq çips yeyib. Bundan sonra Turqutun vəziyyəti ağırlaşıb.

"Xəzər Xəbər" hadisənin təfərrüatını öyrənmək məqsədilə Turqutun yaşadığı ünvana yollanıb.

Turqut Cavadzadənin babası Ağayar Qaçayev deyir ki, nəvəsinin səhhətində heç bir ciddi problem olmayıb.

Ağayar Qaçayevin iddiasına görə, nəvəsi həkimlərin səhlənkar yanaşması nəticəsində ölüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

***

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı araşdırmalar aparılır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.

Qeyd edilib ki, iyunun 9-u saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, T.Cavadzadə həmin gün saat 03:40 radələrində vəfat edib.

"Ailənin bildirdiyinə görə, ailənin üç uşağı “çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb", - deyə məlumatda vurğulanıb.

Poliqon.info